26 Mayıs 2016 Perşembe

Niyə dövlət haqqında bir kitabça?

Niyə dövlət haqqında bir kitabça?

Dövlət sisteminin əhəmiyyətini, vəzifələrini və ya funksiyalarını açıqlayan kitablar, ümumiyyətlə, siyasət elmləri kitablarıdır. Bu kitabların əksəriyyəti tələbələrə məlumat vermək məqsədini daşıyırlar. Amma əlinizdəki bu kitabça bunlardan fərqlidir. Çünki əsas məqsədi cəmiyyətdə zaman ərzində görünən bir qisim "dövlət əleyhdarı" cərəyan və ya fikirlərin necə yanlışlıq içində olduqlarını göstərmək və türk millətinin hər üzvünü dövlətinə sahib çıxmağa çağırmaqdır.
Haqqında danışdığımız dövlət əleyhdarı cərəyan və ya fikirlər müxtəlif qaynaqlardan gəlir. Bu qaynaqların başında marksist ideologiya durur. Bu ideologiyaya bağlı olanlar dövlətin ortadan qaldırılması lazım olan zərərli bir təşkilat olduğuna kor-koranə inanmışlar. Buna görə, dövlət və dövləti təmsil edən hər cür simvola qarşı qatı düşməndirlər. Bu düşmənlik bəzən şiddətə də çevrilir və sol terror təşkilatlarını əmələ gətirir.
Digər tərəfdən, marksist ideologiyadan çox təsirlənmiş bir qrup ziyalılar bu gün marksizmi tərk etdiklərini söyləsələr də, buna bənzər bir yolu davam etdirirlər. Söz mövzusu ziyalılar, ümumiyyətlə, "68 nəsli" kimi tanınan solçu bir keçmişin bu günki nümayəndələridir. Keçmiş marksist hərəkat dövrlərinin bitdiyini və hətta liberal olduqlarını desələr də, marksizmin dövləti düşmən kimi göstərən təlqinlərinin təsirlərini hələ də daşıyırlar.
Bu marksist mənşəli ziyalılara paralel olaraq cəmiyyətdəki bəzi sektorlar demokratiya anlayışını səhv anlayaraq dövlətə qarşı çıxırlar. Demokratiyanın yanlış bir fikir olan ancaq dövlətin zəifləməsi halında mümkün olacağını düşünürlər. Bu səhv fikrin təsiri ilə hər cür dövlət təşkilatını hədəf alır, dövlətin cəmiyyətin faydası üçün tətbiq etdiyi siyasətləri gözü bağlı şəkildə tənqid edirlər.
Mövzunun qəribə bir cəhəti də kökündə sol ideologiyanın yer aldığı bütün bu dövlət əleyhinə olan ifadələrin bir qrup mühafizəkar çevrələrə zamanla təsir etməsidir. Bu çevrələr dövlətin ölkə təhlükəsizliyi, hüzuru və birliyi üçün tətbiq etdiyi bəzi sosial siyasətlərin dinə qarşı olduğunu zənn edir və sonra da bu zənn səbəbindən dövlətə qarşı cəbhə alırlar. Halbuki, həqiqətdə dövlətimiz heç bir zaman dinə qarşı siyasət yürütməmiş, əksinə, böyük öndər Atatürkün "dinsiz millətlərin davamına imkan yoxdur" sözünün işığında həmişə mənəvi dəyərlərin mühafizəsinin Türkiyənin mövcudluğunu əsas şərti olduğu düşüncəsi ilə hərəkət etmişdir. Necə ki, cəmiyyətimizin mənəvi dəyərlərə ən çox bağlı olan qurumları tarixdə həmişə dövlətə ən çox sədaqət göstərən qurumlar olmuşdur.
Nəticədə, bu kitabçada danışacağımız dövlətə qarşı çıxan qurumların səhv etdikləri və türk millətinin gələcəyi üçün güclü və təsirli dövlət quruluşunun lazım olduğu həqiqətidir. Vətənini və millətini sevən hər kəs bu həqiqət üzərində düşünməli və siyasi düşüncələrini buna görə tənzimləməlidir.

"Yetişən uşaq və gənclərimizə görəcəkləri təhsilin sərhədindən asılı olmayaraq, hər şeydən əvvəl Türkiyənin müstəqilliyinə, öz mənliyinə, milli ənənələrinə düşmən olan bütün ünsürlərlə mübarizə aparmaq gərəyi öyrədilməlidir. Dünyada beynəlxalq duruma görə belə bir mübarizənin tələb etdiyi mənəvi ünsürlərə sahib olmayan şəxslər və bu xüsusiyyətlərə malik şəxslərə sahib olan cəmiyyətlərə həyat və müstəqillik yoxdur. Uşaqlarımızı eyni təhsil səviyyəsindən keçirməklə yetişdirməliyik. Qəti olaraq bilməliyik ki, iki parça halında yaşayan millətlər zəif və xəstədir. Uşaqlarımıza verəcəyimiz təhsildən asılı olmayaraq, onlara əsas bunları öyrədəcəyik; Millətinə, Türkiyə dövlətinə, TBMM-ə düşmən olanlarla mübarizə. Bu mübarizənin səbəb və vasitələri ilə təchiz edilməyən millət üçün yaşamaq haqqı yoxdur".

(Atatürkün nitq və çıxışları, cild 2, 1952, Türk İnqilab Tarixi İnstitutu nəşrləri)

Dövlət nədir?

Dövlət nədir?

Dövlət ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, rifah və hüzur təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanun çıxarma, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur.
Dövlət tarixin məlum olan ən qədim cəmiyyətlərindən indiyə kimi həmişə var olmuşdur. Marksistlər ortaya atdıqları xəyali "mədəni təkamül" ssenarisi daxilində dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya bənzəri bir nüfuzun olmadığını, "kommunal" həyat tərzinin mövcudluğunu qarşıya qoyurlar. Halbuki heç bir tarixi və ya arxeoloji tapıntı bu iddianı təsdiqləmir. Əksinə, haqqında məlumatımız olan ən qədim mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərin mövcudluğu ortaya çıxmışdır. Buna görə, dövlət quruluşunun insanlıq tarixi ilə yaşıd olduğunu söyləmək mümkündür.
Bu, əslində insanın yaradılışının təbii nəticəsidir. İnsan yaradılışının bir gərəyi olaraq "doğru" və "səhv" anlayışlarına malikdir. Doğrunu öyrənmək və bu doğruya uyğun bir nizam içində yaşamaq istər. Səhvi tətbiq edənlərin isə dayandırılmasını, onlara mane olmağı arzu edər. Budur, buna görə də insanlara doğrunu öyrədən bəzi qanunlar qoyacaq və bu qanunlara tabe olmağı təmin edəcək bir nüfuzun varlığı zəruridir.
Necə ki, insan cəmiyyətlərinin quruluşu düşünüldüyündə dövlətin imtina edilməz bir əhəmiyyətinin olduğu asanlıqla görünər. Bir cəmiyyətdə asayiş və təhlükəsizliyi təmin edən, zərərli davranışları qanunla qadağan edən, bu qanunlara da tabe olmağı məcbur edən yeganə güc dövlətdir. Buna paralel olaraq dövrümüzdəki cəmiyyətlərin imtinası mümkün olmayan sağlamlıq, təhsil, milli təhlükəsizlik, infrastruktur kimi xidmətlərin də yalnız dövlət tərəfindən qarşılana biləcəyi aydındır.
Bunları ətraflı araşdıracağıq. Bunun üçün, əvvəlcə, dövlətin varlığına qarşı çıxan ən əhəmiyyətli siyasi ideologiya olan anarxizmin yanlışlıqlarına baxaq.

Anarxizmin yanlışlığı

Anarxizm sol ideologiyaların ən marjinalı kimi qəbul edilir. Termin "özbaşınalıq" mənasını daşıyan yunan sözündən yaranmışdır. Bu ideologiyanın tərəfdarları dövlətin cəmiyyətə zərər verən bir təşkilat olduğunu iddia etmiş və insanların azadlıq və sülhə çatması üçün dövlətin ortadan qaldırılmasının lazım olduğunu müdafiə etmişlər. Dövlətlə yanaşı, dinə qarşı da çıxmış və dinin yox edilməsinə çalışmışlar. Fransa inqilabının ardından ortaya çıxan bu ideologiya xüsusilə 19-cu əsrdə məşhurlaşmış, Rusiyada Bolşevik inqilabının (1917) hazırlanmasında da rol oynamışdır.
Əvvəlcə, anarxizmin tamamilə xəyali və həqiqətlərdən uzaq bir düşüncə olduğuna diqqət yetirmək lazımdır. Çünki dünyanın heç bir ölkəsində heç bir zaman bu ideologiya tətbiq olunmamışdır. Heç bir zaman bir dövlətin ləğv edilib anarxist bir cəmiyyətin qurulması kimi bir hadisə yaşanmamışdır. Yalnız bəzi böhran zamanlarında dövlətlərin nüfuzu zəifləmiş, bunun nəticəsində isə cəmiyyətə sülh və hüzur deyil, əksinə yalnız çəkişmə, qarşıdurma və talan gəlmişdir.
Başqa cür də mümkün deyil. Çünki dövlətin olmadığı bir mühitdə cəmiyyətin öz-özünü təşkil edərək asayiş və sabitlik meydana gətirməsi qeyri-mümkündür. Dövlətin olmadığı bir mühitdə qanunlar da olmaz. Dolayısı ilə, "cinayət" anlayışı ortadan qalxar və hər kəs istədiyi hərəkəti rahat şəkildə edə bilər. İstəyən hər kəs başqa birisinin malına və ya canına qəsd etdiyində bu cinayəti "cinayət" olaraq təyin edən və mane olan bir nüfuzun olmadığı üçün, qarşısında heç bir maneə görməz. Oğrular istədikləri malı oğurlayarlar, qatillər istədiklərini öldürərlər və onları dayandıran polis və ya mühakimə edən bir məhkəmə olmaz.
Belə bir cəmiyyət isə mütləq meşə qanunlarının hakim olduğu bir "sürü"yə çevrilər. İnsanların hüzurunun, mal, can və ismətlərinin heç bir zəmanətinin olmadığı bu sürü həqiqətdə bir "insan cəmiyyəti"ndən çox heyvan dəstələri kimi yaşayar. Maraqlısı budur ki, bu nəticə anarxistlərin fəlsəfələri ilə onsuz da tam uyğunluq təşkil edir. Çünki anarxistlər də eynilə marksistlər kimi Darvinin ortaya atdığı "insanın təkamülü" nağılına inanır və dolayısı ilə, insanı "inkişaf etmiş heyvan növü" kimi qəbul edirlər.
Ancaq tarix anarxizmin tamamilə səhv bir fəlsəfə olduğunu saysız misallarla sübut edir. Anarxistlər dövlətin ortadan qalxmasının sülh və hüzur gətirəcəyini qarşıya qoymuşlar. Halbuki siyasi tarixə baxıldığında dövlət nüfuzunun ortadan qalxdığı hər dövrün son dərəcə qanlı xaos mühiti olduğu görünər. Orta əsrlər boyu siyasi nüfuzun ortadan qalxdığı dövrlər həmişə qarət, talan və qırğın dövrləri olmuşdur. Anarxizmin çıxış nöqtəsi sayılan Fransa inqilabı tarixin ən qanlı siyasi hərəkatlarından biridir. Fransa inqilabında, xüsusilə də inqilabın "Terror dövrü" olaraq tanınan mərhələsində on minlərlə insan edam edilmiş, inqilabın Robespyer kimi öndə gələnləri də daxil olmaqla çoxlu sayda insan gilyotinə göndərilmişdir. İnqilabın ardından Fransa on beş ildən çox bir müddətdə hüzura qovuşa bilməmişdir. Nizam və təhlükəsizliyin təkrar təmin edilməsi isə inqilab dövrünün sona çatması və Napoleonun mütləq iqtidarının qurulması ilə, yəni dövlətin yenidən təsis edilməsi ilə mümkün olmuşdur. Bu, tarixin hər dövründə eyni olmuşdur. Dövlət əleyhində edilən hər cür "inqilab" inqilabçıların buna başladıqları vaxt ortaya atdıqları bəzəkli şüarların əksinə, qan, acı və gözyaşı gətirmişdir.
Beləliklə, anarxizmin böyük yanlışlıq olduğunu ifadə etdikdən sonra indi dövlətin lazımlılığını fərqli istiqamətlərdən araşdıraq.

Dövlət və milli müdafiə

Üzərində yaşadığımız dünyada insanlar müəyyən birliklərin üzvüdürlər. Bunların ən əsası ailədir. Sonra, ümumiyyətlə, daha zəif olmaqla qonşuluq, nəsil, həmyerlilik və etnik mənşə kimi əlaqələr gəlir. Ancaq bütün bu şəxsiyyətlərin, xüsusilə siyasi yöndən ən əhəmiyyətlisi milli şəxsiyyətdir. Başqa ifadə ilə desək, insanın hansı millətdən olduğu sualıdır. Çünki dünyadakı siyasi nüfuzlar (dövlətlər) millət əsasına görə bir-birlərindən ayrılırlar. Almaniya alman millətinin ölkəsidir. Fransa fransızlarındır. Türkiyə isə türk millətinin yurdudur.
Dünyadakı siyasi rəqabət və qarşıdurmalar da yenə milli əsaslar üzərində inkişaf edir. Eyni vəziyyət siyasətin davamı sayılan müharibə üçün də etibarlıdır. Almaniya alman millətini dünyaya hakim etmək xülyası ilə İkinci dünya müharibəsini başlatmışdır. Türkiyə ilə Yunanıstan arasındakı siyasi balanslar iki millətin milli mənfəətlərinə görə formalaşır.
Dünyanın bu şəkildə, yəni ölkələr arası siyasi balanslar üzərinə qurulması hər insanı yaşadığı ölkənin mənfəətlərinə görə düşünməyə məcbur edir. Heç kim: "Tək əhəmiyyətli olan mən, şirkətim və ailəmdir; gerisi əhəmiyyətli deyil", -deyə bilməz, çünki ailəsinin və özünün gələcəyi yaşadığı ölkənin gələcəyinə bağlıdır. Əgər düşmən ölkə yaşadığı ölkəni işğal etsə, özü, şirkəti və ailəsi də bundan böyük zərər görər. O, içində yaşadığı ölkənin bir vətəndaşıdır və mütləq ölkəsinin gücünə və müstəqilliyinə tərəfdar olmaq məcburiyyətindədir.
Dövlətin nə qədər zəruri bir təşkilat olduğu da bu nöqtədə açıq şəkildə ortaya çıxır. Çünki bir ölkənin mövcudluğunu qoruyan yeganə quruluş dövlətdir. Ölkənin milli təhlükəsizliyindən məsul olan yeganə nüfuz odur. Milli müdafiə üçün ordu meydana gətirən, bu orduya dəstək olan və gücləndirən quruluş dövlətdir. Əlbəttə, heç bir xüsusi qurum və ya qeyri-hökumət təşkilatı qətiyyən belə bir rol oynaya bilməz.
Budur, bu səbəblə, bir ölkədə yaşayan hər bir vətəndaş dövlətinin güclənməsinə və yüksəlməsinə tərəfdar olmaq məcburiyyətindədir. Dövləti zəiflədən hərəkətlərə yol verən hər kəs özünün, ailəsinin və sevdiyi hər kəsin əleyhində hərəkət edər. Əgər başqa dövlətə xidmət etməyi hədəf tutarsa, onda adı "vətən xaini" olar.

Dövlət və ictimai təhlükəsizlik

Güclü bir dövlətin varlığı yalnız milli müdafiə üçün deyil, eyni zamanda ölkənin daxilində təhlükəsizlik və hüzurun təşkili üçün də zəruridir.
Anarxizmin yanlışlığından danışarkən dövlətin zəiflədiyi bir mühitdə hər cür cinayətin asanlıqla işləndiyini, çünki "cinayət"i təyin edən və ona mane olan bir nüfuzun olmadığını söyləmişdik. Bu mövzunu bir az daha açıqlaya bilərik.
Dövlətin nüfuzunu itirdiyi və bunun nəticəsində təhlükəsizlik sisteminin ortadan qalxdığı bir mühit düşünək. Belə bir mühit cinayətkarların hər cür cinayəti asanlıqla işlədiyi, dürüst vətəndaşların isə hər cür təcavüzün hədəfinə çevrildiyi qorxunc bir cəmiyyət quruluşu meydana gətirər. Belə olduğu təqdirdə ehtimal olunur ki, təhlükəsizlik üçün dövlətin yerinə "xüsusi sektor"a müraciət edilər, yəni mafiyaya bənzər şəbəkələr meydana gələr və vətəndaşlar onlara pul ödəməklə təhlükəsizlik əldə etməyə çalışarlar. Ancaq bu mafiyaya bənzər şəbəkələrin özbaşına və cinayətə meyilli insanlardan meydana gəlməsi mütləqdir. Bir müddət sonra bu dəfə bu təşkilatlanmalar vətəndaşlara qarşı təcavüzə başlayar və bu şəbəkələrin arasında qarşıdurma və daxili hesablaşmalar başlayar.
Polis təşkilatının ortadan qalxması qədər digər dəhşətli bir inkişaf ədliyyə sisteminin çökməsidir. Dövlətin nüfuzunu itirməsi vəziyyətində məhkəmələr də ortadan qalxar, prokuror və hakimlər işləməz. Belə bir vəziyyətdə cəmiyyətdəki heç bir hüquqi anlaşılmazlıq həll edilməz. Ədalətlə hökm edən və bu hökmü icra edən bir mexanizm olmadığı üçün, hər cür haqsızlıq, haqqa təcavüz və sui-istifadə asanlıqla tətbiq olunar. Əgər yenə "xüsusi sektor"lar vasitəsi ilə məhkəmələr qurulsa belə, onların yenə mafiyaya bənzər mexanizmlər olacağı, özlərinə daha çox pul verən tərəfi haqlı çıxarmağa çalışacağı məlumdur. Çünki xüsusi sektorların əsas məqsədi qazanc əldə etməkdir. Buna görə də özlərinə daha çox qazanc təmin edən vasitələri tətbiq etməyə çalışarlar.
Nəticədə, dövlətin nüfuzunun zəifləməsinin ictimai təhlükəsizliyi, nizamı və hüzuru tamamilə yox edəcəyi aydındır. Belə bir vəziyyətdə ölkə yaşanılmaz bir xaos mühitinə keçər.

Dövlətin ictimai həyatdakı qaçılmaz rolu

Güclü bir dövlət yalnız təhlükəsizliyin deyil, cəmiyyətin ümumi rifahının təmin edilməsi üçün də zəruridir. Buna nümunə olaraq iki sahəni nəzərdən keçirə bilərik: Sağlamlıq və təhsil.
Xəstələrin müalicə işini üzərinə götürən təşkilatlar xəstəxanalardır. Bir cəmiyyətin sağlamlıq probleminin həll olunması üçün mütləq dövlət xəstəxanaları mövcud olmalıdır. Əlbəttə, dövrümüzdə xüsusi sektorlar tərəfindən açılan çoxlu sayda xəstəxanalar da var. Ancaq bir nöqtəyə diqqət yetirmək lazımdır: Xüsusi sektorlar həmişə qazanc məqsədini daşıyırlar. Dolayısı ilə, xüsusi sektorların bütün bir cəmiyyətin sağlamlıq problemini həll etməsi qeyri-mümkündür. Kasıb insanlar heç bir zaman xüsusi xəstəxanalardan faydalana bilməzlər və mütləq dövlətin qurduğu və özlərinə kömək edəcək xəstəxanalara ehtiyac duyarlar. Bundan başqa, peyvənd kampaniyaları və ümumi sağlamlıq işləri kimi ictimai xidmətləri reallaşdıran yeganə nüfuz da dövlətdir. Qazanc məqsədini daşıyan heç bir xüsusi təşkilat ibtidai məktəb uşaqlarını epidemik xəstəliklərdən qorumaq üçün ölkə miqyasında peyvənd kampaniyası təşkil etməz və ya ölkənin ucqar yerlərinə sağlamlıq xidməti aparmaz.
Cəmiyyətin rifahı ilə əlaqədar ikinci əhəmiyyətli mövzu isə təhsildir. Təhsili də yenə sağlamlıq kimi qismən xüsusi sektorlar üzərilərinə götürə bilərlər, amma bu vəziyyətdə yenə xüsusi sektorun qazanc tələbini qarşılaya bilməyən yoxsul təbəqələr təhsil imkanından məhrum olarlar. Təhsilin bütün ölkəyə və böyük şəhərlərdən uzaq kəndlərə qədər yayılması da yenə ancaq dövlət sayəsində mümkündür. Əgər dövlətin təhsil sistemi işləməsə, xüsusi sektor üçün qazanc gətirməyən bütün məskunlaşma vahidləri təhsil şanslarını itirər.
Dövlətin varlığı təhsilin bərabər və standart olması üçün də zəruridir. Təhsil dövlətin təyin etdiyi standart tədris planına uyğun formalaşmadığı və tamamilə xüsusi qurumların idarəsində olduğu təqdirdə cəmiyyət qısa müddətdə düşərgələrə ayrıla bilər. Kommunistlər kommunist ideologiyanı təlqin edən məktəblər aça bilər. İrqçilər uşaqlarını bir irqçi olaraq yetişdirən məktəblər qura bilər. Bu şəkildə qısa zamanda cəmiyyət bir-birinə tamamilə yad və düşmən fərdlərdən meydana gələ bilər. Cəmiyyətin birliyinin qorunması və bir yerdə yaşamağı mümkün edən ortaq bir mədəniyyətin inkişafı üçün, mütləq dövlət tərəfindən təyin olunan standart təhsil tətbiq olunmalıdır. Fərqli mədəni qruplara və ya peşə təhsili tələblərinə xüsusi məktəb statusu verilə bilər; amma bu xüsusi status da yenə tədris planının əsas xətlərinə bağlı olmalıdır.
Qısası, bir cəmiyyətin təhsil və sağlamlıq kimi ən əsas ehtiyacları ancaq güclü bir dövlətin müdaxilə və idarəsi ilə qarşılana bilər.

Dövlətin iqtisadi həyatdakı qaçılmaz rolu

19-cu əsr çoxlu sayda mütəfəkkirin nəzəriyyələr yazdığı bir dövr idi. Liberalizm və marksizm kimi iki fərqli sosial nəzəriyyə bu dövrdə ortaya çıxdı. Hər iki nəzəriyyənin də ortaq xüsusiyyəti təcrübələrə deyil, mücərrəd fikirlərə əsaslanması idi. 20-ci əsrdə isə bu fikirlər tətbiq edilməyə başlandı və ortaya bəzi konkret təcrübələr çıxdı.
Marksizmin bu təcrübələrin nəticəsində çökdüyü məlumdur. Dövlətin əvvəl şiddət yolu ilə ələ keçirilməsini, sonra bütün iqtisadiyyatın dövlət idarəsinə alınmasını və uzaq gələcəkdə də dövlətin tamamilə ləğv edilməsini müdafiə edən bu nəzəriyyənin həqiqətlərlə uyğunlaşmayan və son dərəcə səmərəsiz bir iqtisadi model ortaya qoyduğu aşkardır. Sovet İttifaqının mərkəzi planlamağa əsaslanan iqtisadi modelinin çökməsi mütləq dövlətçiliyin səhv bir iqtisadiyyat siyasəti olduğunu və iqtisadiyyatın ancaq xüsusi sektorun rolu ilə məhsuldar hala gələcəyini ortaya qoymuşdur.
Ancaq bu qədər diqqət çəkməyən başqa bir əhəmiyyətli inkişaf 20-ci əsrdəki təcrübələrin 19-cu əsr liberalizmini də bəzi istiqamətlərdən haqsız çıxarması idi. 19-cu əsrdə yaşamış liberal iqtisadiyyat müdafiəçiləri 18-ci əsrdəki ingilis iqtisadçı Adam Smitin yolunu izləyərək "ən yaxşı dövlət ən az müdaxilə edən dövlətdir" demişdilər. Dövlətin iqtisadi həyata heç müdaxilə etməməyinin və bütün iqtisadiyyatın xüsusi təşəbbüsün idarəsində olmasının lazım olduğunu müdafiə etmişdilər.
Dövlətin tamamilə xaric edildiyi bu iqtisadi model 19-cu əsrin sonlarından 20-ci əsrin birinci rübünə qədər başda ABŞ olmaqla bir çox qərb ölkəsində qəbul edildi. Ancaq 1929-cu ildə başlayan və "Böyük böhran" kimi tanınan nəhəng iqtisadi böhran bu modelin səhv olduğunu gözlər önünə gətirdi. Böyük böhran Nyu-York birjasında baş qaldıran və sonra da oradan bütün dünyaya yayılan bir həyəcanla doğulmuşdu. Dünya iqtisadiyyatını illərlə zəiflədən bu böhran dünya ticarət həcminin böyük ölçüdə azalmasına, cəmiyyətlərin gəlir və rifah səviyyələrinin aşağı düşməsinə, milyonlarla insanın işsiz qalmasına səbəb oldu.
Böyük böhranın ortaya qoyduğu ən əhəmiyyətli nəticələrdən biri dövlətin iqtisadiyyatdan tamamilə uzaqlaşdırılmasının son dərəcə zərərli bir tətbiq olduğu idi. Necə ki, Böyük böhranın ardından inkişaf edən "Keynes modeli" iqtisadi sistemi dövlətin lazımi vəziyyətlərdə iqtisadiyyata müdaxilə etməsinin, bəzən də sərmayələrlə iqtisadiyyatı istiqamətləndirməsinin lazım olduğunu qəbul etdi. Bir çox dövlət də Keynes modelini tətbiq etməklə Böyük böhranın vurduğu zərərləri ortadan qaldıra bildi.
Bu gün üçün də etibarlı olan iqtisadi model xüsusi qurumun lokomotiv funksiyasını yerinə yetirdiyi, amma dövlətin idarəsi və istiqamətləndirməsi ilə işləyən iqtisadi modeldir. Dövlətin başda infrastruktur sərmayələri olmaqla iqtisadiyyatın bəzi sahələrinə əl atması zəruridir. Ayrıca, xüsusi qurum üçün qazanc gətirməyən, amma cəmiyyətin ümumi rifahı baxımından lazım olan bəzi xidmətlərin yerinə yetirilməsi üçün də yenə dövlətin müdaxiləsi zəruridir. (Məsələn, məktub xidməti dünyanın heç bir ölkəsində qazanc gətirmir, amma cəmiyyətin faydası üçün dövlət tərəfindən icra edilir). Eyni şəkildə, bir ölkənin strateji təhlükəsizliyini maraqlandıran iqtisadi məsələlər də dövlət tərəfindən təşkil edilməlidir.
Xülasə olaraq, bir ölkənin rifahı üçün iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi, qanunlarla təşkil edilməsi, bəzən də birbaşa dövlətin müdaxiləsi ilə istiqamətləndirilməsi zəruridir. Dövlət bunları edə bilmək üçün, əlbəttə, güclü olmalıdır.

Nəticə

Bura kimi araşdırdığımız mövzular bir cəmiyyətin etibar, hüzur və rifah dolu həyat yaşaması üçün, mütləq güclü bir dövlətin qorumasında və idarəsində yaşamalı olduğunu göstərir. Dövlətin ortadan qaldırılmasını müdafiə edən anarxizm böyük bir yanlışlıqdır. "Ən yaxşı dövlət ən az idarə edən dövlətdir" deyən 19-cu əsr liberalizmi də yanılmışdır və dövlətin müdaxiləsinin lazım olduğunu qavraya bilməmişdir.
Dövlətin hər şeydən uzaqlaşdırılması bir tərəfə, dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük problemlərlə qarşı-qarşıya qoyur. Dövlət nüfuzundakı ən kiçik bir boşluq bu boşluğun bəzi qeyri-qanuni qurumlar tərəfindən doldurulması ilə nəticələnər ki, bundan da hamı zərər çəkər. Zəif bir dövlət cəmiyyətdəki bəzi mənfəət güdən çevrələrin təsiri altında qalar və yenə bütün cəmiyyət bundan zərər görər.
Dolayısı ilə, bir cəmiyyətin hər bir üzvü güclü dövlət mexanizminə tərəfdar olmalıdır. Dövlətin güclənməsi üçün səy göstərməli və dövlətin zəifləməsinə yönələn hərəkətlərə qarşı çıxmalıdır. Qısası, dövlətinə sahib çıxmalıdır.

Türkiyə Cümhuriyyəti dövlətinin xüsusiyyətləri

Türkiyə Cümhuriyyəti dövlətinin xüsusiyyətləri

Əvvəlki hissədə açıqladığımız nöqtələr bir millətin niyə güclü bir dövlətə ehtiyac duyduğu sualının cavabı idi. Əlbəttə, dövlət sisteminin güclü olmasının lazım olduğunu ifadə etmək kafi deyil, bunun qədər başqa bir əhəmiyyətli mövzu isə dövlətin xüsusiyyətləridir.
Çünki dünyada fərqli dövlət sistemləri vardır. Əvvəlki hissədə haqqında danışdığımız vəzifələri ifa edən, yəni millətinə təhlükəsizlik, hüzur və rifah təmin edən dövlətlər olduğu kimi, millətini əzən, vətəndaşların konstitusional haqq və azadlıqlarını açıq şəkildə pozan dövlətlər də vardır.
Bu ikinci qrup dövlətlər siyasət elmində "avtoritar rejim" və ya daha da irəli mərhələdə "totalitar rejim" olaraq tanınan rejimlərə malikdir. Totalitar dövlətlər cəmiyyət və vətəndaşlara heç bir azadlıq verməz, bütün cəmiyyəti müəyyən bir ideologiya yönündə istiqamətləndirər, istifadə edər və bunun üçün də təzyiq üsullarını işlədər. Totalitar rejimlərin 20-ci əsrdəki ən açıq iki nümunəsi nasist Almaniyası və Sovet İttifaqıdır. Hər iki ölkədə dövlət müəyyən bir ideologiya (nasist Almaniyasında irqçilik, Sovet İttifaqında isə kommunizm) adına cəmiyyətə böyük təzyiq tətbiq etmişdir. Müxaliflər mərhəmətsizliklə ortadan qaldırılmış, bütün cəmiyyət sanki "qorxu rejimi" ilə idarə olunmuşdur. Sovet İttifaqında təkcə Stalin dövründə 20 milyon insanın dövlətin apardığı siyasət nəticəsində öldürüldüyü hesablanmışdır.
Avtoritar rejimlər isə "beyin yuma" gücləri daha zəif olan, ancaq yenə təzyiq və şiddət üsullarını tətbiq etməklə cəmiyyəti boyun əydirməyə çalışan despot rejimlərdir. Başda Afrika olmaqla üçüncü dünya ölkələrindəki kiçik diktatorluqlar və ya Soyuq müharibə dövründəki Şərq Bloku ölkələri avtoritar rejimlərin bir nümunəsidir. Bu ölkələrdə etibarlı olan sistem millətin tələblərinin heçə sayıldığı, bütün siyasi gücün bir partiyaya və ya diktatora təhvil verildiyi bir sistemdir.
Siyasi gücün millətə aid olduğu sistemlər isə demokratiyalardır.
Demokratiya "xalqın idarəsi" mənasını verir və siyasi iradənin əsas olaraq xalqa aid olduğu siyasi bir sistemi ifadə edir. Demokratiyalarda ölkəni idarə etmə və qanun çıxarma səlahiyyəti bir partiyaya, zümrəyə və ya diktatora deyil, bütün xalqa aiddir. Xalq bu səlahiyyətindən sərbəst seçki yolu ilə seçdiyi siyasətçilər vasitəsilə istifadə edər. Ölkəni idarə edənlər və qanunları çıxaranlar xalqın təsdiqini almaq məcburiyyətindədirlər. Xalq təsdiq etdiyində vəzifə başına keçirlər. Vəzifədən uzaqlaşdırılmaları da yenə xalqın iradəsi ilə, yəni bu iradənin təmsil edildiyi sərbəst seçkilərlə olar.
Demokratik ölkələrdə dövlət əvvəlki hissədə bildirdiyimiz kimi, millətin təhlükəsizlik, hüzur və rifahını təmin etmə məqsədini daşıyır. Dövlətin rəhbərliyi bir zümrənin, məzhəb və ya şəxsin mənafeyini saxlamadığı üçün, dövlət bütün millətin ümumi mənfəətlərini güdər.
Budur, Türkiyə Cümhuriyyəti dövləti bu xüsusiyyətlərə sahib bir demokratik dövlətdir.
Konstitusiyamızda Türkiyə Cümhuriyyətinin əsas xüsusiyyətləri yer almışdır. Bu dəyişdirilməz xüsusiyyətlər Türkiyə Cümhuriyyətinin dünyəvi və sosial bir hüquq dövləti olduğu hökmünü verir. Bunlar son dərəcə əhəmiyyətli xüsusiyyətlərdir və Türkiyə Cümhuriyyəti dövlətinin türk millətinin mənfəətlərini ən yaxşı şəkildə güdəcək bir quruluşa sahib olduğunun göstəricisidir. İndi bunları sıra ilə nəzərdən keçirək.

Dövlətimizin dəyişməz unitar quruluşu

Türkiyə Cümhuriyyəti dövləti unitar bir dövlətdir, yəni öz bünyəsində fərqli qanunların etibarlı olduğu fərqli idarəetmə bölgələri yoxdur. "Federativ" quruluş yoxdur. Türkiyə Böyük Millət Məclisinin səlahiyyəti bütün Türkiyə torpaqlarını əhatə edir və hər türk vətəndaşı bu torpaqlarda bərabər hüquqa malikdir. Söz mövzusu unitar dövlət quruluşu Türkiyənin bölünməz bütünlüyünün və daxili hüzurunun ən böyük təminatıdır.
Unitar dövlət quruluşumuzun təməlində konstitusiyamızda yer alan milliyyətçilik prinsipi vardır. Cümhuriyyətimizi quran böyük öndər Atatürkün təyin etdiyi və bu səbəblə də "Atatürk milliyyətçiliyi" olaraq xatırlanan bu milliyyətçilik anlayışının ən əhəmiyyətli xüsusiyyəti mədəni əsasa dayanmasıdır. Etnik mənşəyi, dini, dili hər nə olursa olsun, özünü "türk" olaraq təyin edən hər kəs Türkiyə Cümhuriyyətinin vətəndaşı sayılır. Türk mədəniyyətini bölüşən, özünü türk millətinin bir üzvü hesab edən hər kəs mənşəyi nə olursa olsun, türkdür və Türkiyə vətəndaşıdır.
Atatürkün məşhur "necə xoş türkəm deyənə" sözü ilə yekunlaşdırdığı bu milliyyətçilik tərifi son dərəcə ağıllı və məqsədəuyğun bir tərifdir. Çünki bilindiyi kimi, Türkiyə Cümhuriyyəti fərqli etnik qrupların bir yerdə yaşadığı Osmanlı İmperiyasının varisi olaraq quruldu. Osmanlının əsl ünsürü həmişə türklər olmuşdu, hətta buna görə, avropalılar "osmanlı"nın yerinə "türk" sözünü seçmişlər. Ancaq bu imperiya daxilində ərəb, boşnaq, alban, çərkəz, kürd, rum, erməni, yəhudi kimi fərqli etnik qruplar da yaşayırdı. İmperiyanın son dövrlərində əvvəl qeyri-müsəlman azlıqlar, sonra da ərəblər Osmanlıdan ayrılıb öz yollarını təyin etdilər. Türkiyə Misaqi-milli sərhədləri daxilində qalan və başda türklər olmaq üzrə digər bəzi müsəlman etnik qruplardan ibarət olan bir ölkə olaraq quruldu. Atatürk yeni bölünmə və parçalanmalara imkan verməmək üçün, bu torpaqlarda yaşayan hər kəsin türk millətinin bir parçası olduğunu, heç kimin azlıq və ya "ikinci sinif vətəndaş" sayıla bilməyəcəyini qəbul və elan etdi.
Türkiyənin unitar dövlət quruluşu bu milli əsasın üzərinə qurulmuşdur. Türkiyə sərhədləri daxilində ana dili türkcə olmayan, fərqli etnik mənşədən gələn qruplar ola bilər, ancaq bu vətəndaşlarımız da türk millətinin bir parçasıdır. Türkiyənin hər yerində və hər kəs üçün etibarlı olan qanunlar onlar üçün də etibarlıdır. Türkiyənin hər yerində və hər kəs üçün etibarlı olan konstitusional haqq və azadlıqlara onlar da malikdir.
Yaxın keçmişdə Türkiyənin bu unitar quruluşunu dəyişdirməyi və federativ dövlət modeli qurmağı təklif edənlər olmuşdur. Buna görə, ifadə etmək lazımdır ki, federasiya anlayışı Türkiyə üçün həm son dərəcə lazımsız, həm də son dərəcə zərərli bir anlayışdır. Federasiya bir-birindən fərqli millətlərin eyni dövlət daxilində yaşadığı vəziyyətlərdə söz mövzusudur. Halbuki, Türkiyədə tək bir millət vardır. Əgər etnik mənşə bir ayrılıq səbəbi sayılar və federasiyaya səbəb kimi qəbul edilərsə, onda harada bitəcəyi müəyyən olmayan bir bölünmə dövrü başlayar. Bu dövrün böyük narahatlıqlar, köçlər, ictimai gərginliklər yaradacağı isə məlumdur.
Bu səbəblə, Türkiyə Cümhuriyyətinin unitar quruluşuna sahib çıxmaq bu torpaqlarda yaşayan hər kəsə faydalıdır və buna görə də milli vəzifədir. Unitar quruluşu hədəf alan cərəyanlar bilərək və ya bilməyərək Türkiyəni zəiflətmək istəyən xarici qüvvələrə xidmət edirlər.

Dünyəvilik prinsipi

Türkiyə konstitusiyamızda ifadə edildiyi kimi, dünyəvi bir dövlətdir. Dünyəvilik tarixdə və dövrümüzdə zamanla səhv başa düşülmüş və səhv tətbiq olunmuş bir prinsipdir. Buna görə, bu prinsipi və nəticələrini ətraflı araşdırmaq faydalı olar.
İfadə etmək lazımdır ki, dünyəvilik prinsipinin əsas məqsədi həqiqətdə inancı azad etməkdir. Dünyəvilik dövlətimizin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin gərəklərini yerinə yetirmə və ya yetirməmə mövzusunda öz vicdanları ilə baş-başa buraxmaq və onlara azad seçim şansı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə imtiyaz vermədiyi üçün, hər kəs sahib olduğu inanca görə yaşamaq imkanı əldə edir.
Diqqət edilsə, əslində Türkiyə Cümhuriyyəti dövlətinin sahib olduğu bu dünyəvilik modeli İslam dininin özünə də son dərəcə uyğundur. Çünki İslam inanc üçün azad iradəni və vicdani qəbulu şərt qoyur. Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz azad iradəsi ilə olmalıdır. İslamı qəbul etdikdən sonra da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və ya qadağalardan (oğurluq, cinayət kimi ictimai cinayət törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə olmalıdır. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar və təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcbur etmə ola bilməz. Yaxud dünyəvi imtiyaz verilməklə şəxs dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz.
Bunun əksinə olan bir dövlət modelindən danışaq. Məsələn, insanların zəruri olaraq müsəlman və ya xristian edildiyi bir ölkəni düşünək. Bundan başqa, bu dinlərə inananların dinlərin qaydalarına görə yaşamaları üçün məcbur edildiklərini fərz edək. Deyək ki, söz mövzusu dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya kilsəyə getmək üçün xüsusi polis gücü ilə məcbur etsin. Yaxud bir az daha "mülayim" bir üsuldan istifadə edib namaz qılanlara və ya kilsəyə gedənlərə xüsusi bir dövlət hədiyyəsi versin. Belə bir dövlət dünyəviliyə tamamilə zidd dövlət olar. Bundan başqa, bir o qədər də dinə zidd olar.
Bunun səbəbi zorla və ya mənfəət qarşılığı əldə edilən bir dini inancın, yaxud ibadətin İslama görə heç bir dəyərinin olmamağıdır. Çünki inanc və ibadətin yalnız Allah üçün olduğunda dəyəri vardır. Əgər dövlət insanları inanca və ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə dinin yaşanmasıdır.
Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik prinsipi həm vicdan azadlığı kimi əsas insani dəyərə xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən İslam dini ilə uyğunlaşdığı üçün, hər Türkiyə vətəndaşının mənimsəməsinin və müdafiə etməsinin lazım olduğu bir prinsipdir.

Hüquq dövləti

Türkiyə Cümhuriyyəti dövləti bir hüquq dövlətidir. Başqa sözlə, "hüququn üstünlüyü" prinsipini mənimsəmişdir. Bu prinsip ədalət anlayışının əsasını meydana gətirir.
Hüququn üstünlüyü dövlətin bütün mexanizmlərinin əvvəldən təsbit edilmiş bəzi qanun və qaydalar daxilində işləyəcəyi mənasını verir. Hər dövlət quruluşu konstitusiyanın və digər qanunların təsbit etdiyi vəzifə və səlahiyyətlərə malikdir. Heç kimin bu vəzifə və səlahiyyətləri aşmaq və dəyişdirmək kimi bir gücü yoxdur. Hüquq hər kəsin üzərindədir və dolayısı ilə, dövlət "özbaşına" deyil.
Hüququn üstünlüyü prinsipinin etibarlı olmadığı bir dövlət modelində isə dövlət mexanizmi tamamilə özbaşına olar. Məsələn, dövlət başçısına sərhədsiz səlahiyyət və hər cür qanundan üstün olma haqqı verildiyini düşünək. (Diktatorluqlar belədir). Bu vəziyyətdə dövlət mexanizminin ədalətsizliyə və istismara doğru getməsi qaçılmaz olar. Nəyin ədalətli, nəyin doğru və nəyin qanuni olduğunu ifadə edən qaydaların olmadığı və ya bu qaydalara diqqət edilmədiyi vəziyyətdə ədalət, düzgünlük və hökumət də olmaz.
Bir hüquq dövlətində yaşamaq bütün türk vətəndaşları üçün böyük qazancdır. Çünki hüquq dövləti hər kəsin canını və malını, konstitusional haqq və azadlıqlarını qoruyar. Heç kimin malı və mülkü zorla müsadirə edilməz, heç kim zorakılıqla işlədilməz, haqlarından məhrum edilməz. Əgər bir şəxs bu haqlarının tapdalandığını, ədalətsizliyə uğradığını düşünürsə, bu dəfə ona mühakimə yolu açıqdır. Türkiyənin dörd tərəfindəki ədliyyə orqanları başda dövlət ittihamçıları olmaqla hüquq dövlətindəki haqları qorumaq üçün çalışırlar. İstəyən hər kəs hüquq dövlətinin qaydalarına uyğun olaraq, ərizə ilə prokurorluqlara müraciət edə bilər və dövlətdən ədalət tələb edə bilər.
Hüququ, yəni qanunları isə millətin seçdiyi vəkillərdən ibarət olan Türkiyə Böyük Millət Məclisi təyin edir. Əgər qanunlarda bir boşluq görsələr və ya səhvin fərqinə varsalar, bu vəziyyətdə qanunlar dəyişdirilir, yeniləri qəbul edilir. Dolayısilə, bu qanunların hər hansı bir şəkildə millətin əleyhinə işləməsi qeyri-mümkündür.
Göründüyü kimi, hüquq dövləti sistemi və bir ölkənin vətəndaşları üçün ən ədalətli, azad və rahat sistemdir. Dolayısı ilə, hər türk vətəndaşı Türkiyə Cümhuriyyətinin bu əsas xüsusiyyətinə sahib çıxmalıdır. Əgər hüquq dövlətinin işlərində axsaqlıq meydana gələrsə, hər kəs əlbir olub dövlətə kömək etməli və hüququn üstünlüyü prinsipini qorumağa cəhd göstərməlidir.

Sosial dövlət

Dövlətimizin başqa bir konstitusiya xüsusiyyəti "sosial dövlət" olmasıdır. Sosial dövlət qanunlarında və işlərində cəmiyyətin faydasını güdən dövlətdir. Bu əsas prinsip Cümhuriyyətimizin digər əsas xüsusiyyətləri ilə birlikdə konstitusiyamızın 2-ci maddəsində belə açıqlanır:
Maddə 2- Türkiyə Cümhuriyyəti cəmiyyətin hüzuru, milli həmrəylik və ədalət anlayışı daxilində insan haqlarına hörmət edən, Atatürk milliyyətçiliyinə bağlı olan, başlanğıcda ifadə edilən əsas qanunlara əsaslanan, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir.
Sosial dövlət anlayışına konstitusiyanın 5-ci maddəsində belə aydınlıq gətirilir:
Maddə 5- Dövlətin əsas məqsəd və vəzifələri türk millətinin müstəqilliyini və bütünlüyünü, ölkənin bölünməzliyini, Cümhuriyyəti və demokratiyanı qorumaq, şəxslərin və cəmiyyətin rifah, hüzur və xoşbəxtliyini təmin etmək; şəxsin konstitusional haqq və azadlıqlarını sosial hüquq dövləti və ədalət qanunları ilə uyğun gəlməyəcək surətdə məhdudlaşdıran siyasi, iqtisadi və sosial maneələri qaldırmağa, insanın maddi və mənəvi varlığının inkişafı üçün lazımi şərtləri hazırlamağa çalışmaqdır.
Konstitusiyamızın 60 və 61-ci maddələrində sosial dövlət quruluşunun bəzi xüsusiyyətləri belə hökmə bağlanmışdır:
Maddə 60- Hər kəs sosial təhlükəsizlik haqqına malikdir. Dövlət bu təhlükəsizliyi təmin edən lazımi tədbirləri alar və təşkilatı qurar.
Maddə 61- Dövlət müharibə və vəzifə şəhidlərinin dul və yetimlərini, əlil və qaziləri qoruyar və onları cəmiyyətdə lazımi həyat səviyyəsi ilə təmin edər. Dövlət şikəstlərin qorunmasını və cəmiyyət həyatına adaptasiyalarını təmin edən tədbirlər alar. Yaşlılar dövlət tərəfindən qorunar. Yaşlılara dövlətin köməyi və təmin ediləcək digər haqlar və asanlıqlar qanunla təşkil edilər. Dövlət qorunmağa möhtac uşaqların cəmiyyətə qazandırılması üçün hər cür tədbir alar. Bu məqsədlərlə lazımi təşkilat və təsisləri qurar və ya qurdurar.
Göründüyü kimi, sosial dövlətin varlığı bir cəmiyyətdə həqiqi rifah və hüzurun təmin edilməsinin əsas şərtlərindən birini meydana gətirir. Əgər dövlətimiz güclü olmazsa və dolayısı ilə, sosial dövlət funksiyasını lazımi kimi yerinə yetirməzsə, onda cəmiyyətdəki köməyə möhtac olan insanları, dulları, yetimləri, yaşlıları, kimsəsizləri qoruyan təşkilatlar da işləməz. Cəmiyyətdəki xeyriyyəçi insanların öz cəhdləri ilə köməyə möhtac olan insanlara zamanla yardım etdiyi doğrudur, ancaq belə mülki cəhdlər heç vaxt daimi və kafi olmazlar.
Dövlətimiz sahib olduğu sosial dövlət xüsusiyyətini həyata keçirmək üçün böyük əmək sərf edir. "Çocuk Esirgeme Kurumu"ndan "Kızılay"a, "Darülaceze" və bənzəri təşkilatlardan şəhid ailələrinə edilən yardımlara qədər bir çox sahədə təsirli işlər görülür. Dövlətimiz sosial dövlət xüsusiyyətini ən son olaraq 1999-cu ilin avqust və noyabr aylarında Marmara bölgəsində reallaşan iki böyük zəlzələ fəlakətindən sonra göstərmiş, zəlzələdə evsiz qalan on minlərlə vətəndaşı əvvəl çadırlara yerləşdirmiş, ardından fabrik evləri hazırlayıb buralarda məskunlaşdırmışdır. Zəlzələdə zərər görən ailələrə verilən evsizlik maaşı da yenə böyük bir sosial dövlət işidir.
Bütün bunlar Türkiyə Cümhuriyyəti dövlətinin xüsusiyyətlərinin fəzilətini göstərir və bu xüsusiyyətlərin qorunmasının türk milləti üçün necə zəruri olduğunu ortaya qoyur. Hər bir Türkiyə vətəndaşı özünün və sevdiklərinin xoşbəxtliyi və rifahı üçün dövlətinin xüsusiyyətlərinə sahib çıxmalı və bu xüsusiyyətlərin təsirli şəkildə həyata keçirilməsi üçün dövlətə yardımçı olmağa çalışmalıdır.
Ayrıca, ifadə etmək lazımdır ki, dövlət mexanizmlərində çatışmazlıqlar meydana gələ bilər və yuxarıda bəhs etdiyimiz xidmətlərdə problemlər ola bilər. Ancaq belə problem və çatışmazlıqlara qarşı yönələn tənqidlər mütləq konstruktiv olmalıdır. Bir dövlət idarəsindəki çatışmazlıq və ya səhvlər qarşısında bütün dövləti ittiham edən üslubdan istifadə etmək son dərəcə səhvdir və heç kimə fayda verməz. Başda media olmaqla bütün sivil quruluşlar hər bir şərhlərində dövlətə kömək etməli, mövcud çatışmazlıq və problemləri konstruktiv şəkildə aradan qaldırmaq istiqamətində hərəkət etməlidirlər.

Məsələlərin dövlətə bağlılıqla həlli

Məsələlərin dövlətə bağlılıqla həlli

Bu nöqtəyə qədər nəzərdən keçirdiklərimiz bizlərə iki əhəmiyyətli nəticəni göstərir:
1. Bir millətin varlığı və davamlılığı üçün güclü bir dövlətə sahib olması zəruridir.
2. Türkiyə Cümhuriyyəti türk millətinin faydasını güdən, millətin rifahının, təhlükəsizliyinin və gələcəyinin yeganə təminatı olan bir dövlətdir.
Dolayısı ilə, əvvəldən də ifadə etdiyimiz kimi, Türkiyə Cümhuriyyəti dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Türkiyə vətəndaşının birinci vəzifəsidir. Heç bir Türkiyə vətəndaşı dövlət təşkilatlarına zərər verən, bu təşkilatların işlərini axsadan və ya dövlətin əsas dəyərlərinə ziyan verən heç bir fəaliyyətə qətiyyən yol verməməlidir. Milli vəzifəmiz həmişə dövlətin yanında olmaqdır. Buna zidd fəaliyyət göstərən bir insan öz oturduğu evin bünövrəsini qazan kəs kimi öz varlığına və gələcəyinə zərər vermiş olar.
Bəzi insanların bu həqiqəti qavraya bilməyərək dövlətə qarşı çıxmalarının və "dövlət əleyhdarı" fikrini mənimsəmələrinin səbəbi isə çox vaxt dövlətlə hökumət arasındakı fərqi göz ardı etməsidir.

Hökumətlə dövləti ayırmaq

Dövlətin üç əsas gücündən biri icraedicilikdir. İcra etmə gücü, yəni qanunları tətbiq və ölkəni idarə etmə vəzifəsi konstitusiyamıza görə Nazirlər Kabineti və ya başqa sözlə hökumət tərəfindən istifadə edilir. Hökumətlər dövlət başçısı tərəfindən TBMM üzvləri arasından seçilən Baş nazir tərəfindən qurulur. Təmayüllərə uyğun olaraq, ümumiyyətlə, ümumi seçkidə ən çox səs toplayan siyasi partiyanın sədri Baş nazir təyin edilir. Hökumət üzvləri isə ya tamamilə eyni siyasi partiyanın millət vəkillərindən meydana gəlir, ya da bir koalisiya hökuməti vəziyyətində hökumətə qatılan partiyalar arasında bölüşülür.
Burada diqqət edilməsi lazım olan budur: Hökumət keçicidir. Seçki ilə vəzifəyə gəlir və icra ilə məşğul olur. Ölkəni yaxşı da idarə edə bilər, pis də. Əgər pis idarə etsə, bir sonrakı seçki ilə vəzifədən uzaqlaşar. İqtidarda qaldığı müddətdə hökumət tənqid olunar, səhvlərinin üzərinə gedilər. Ola bilər ki, nazirlərin bir qismi vəzifələrini müvəffəqiyyətlə icra etdiyi halda digərləri eyni nəticəni əldə edə bilməsin. Buna görə, hökumətdə zaman ərzində dəyişikliklər olar, bəzi nazirlər vəzifədən alınarkən yerlərinə yeni siyasətçilər təyin edilər.
Xülasə olaraq, hökumət dövlət kimi daimi bir quruluş deyil. Silahlı Qüvvələr kimi, ədliyyə sistemi kimi, bürokratiya kimi mütləq qorunması və dəstəklənməsi lazım olan bir quruluş deyil. Hər kəs dövlətə sahib çıxmaqla vəzifəlidir, amma hökumət tənqid oluna bilər, dəyişməsi tələb edilə bilər.
Ancaq bəzən bu ayrı-seçkilik göz ardı edilir və hökumətlərə yönələn tənqidlər birbaşa dövlətə qarşı ittihamlar halına gətirilir. Bir çoxlarının "dövlət əleyhdarı" psixologiyasına girməsinə və belə nümayişlərə qatılmasına səbəb olan amil əslində hökumətin icralarına qarşı duyduğu reaksiyanı birbaşa dövlət quruluşuna yönəltməsidir.
Bu səhv məntiqin nümunələri dövlətin başqa idarəsində yaşanan səhvlər və ya qanunsuzluqlar üzərinə də ortaya çıxa bilər. Məsələn, bürokratiyanın müəyyən bir idarəsində edilən bir haqsızlıq və ya qanunsuzluq bəzi insanlarda "dövlətə reaksiya" şəklində əks-səda oyadır. Halbuki dövlət idarələrinə yönələn hər cür tənqid konstruktiv olmalıdır.
Hər Türkiyə vətəndaşı belə düşünməlidir: "Dövlət bizim dövlətimizdir, bizim varlığımızın və gələcəyimizin təminatıdır. Dövlət idarələrindəki hər cür səhv və axsamaları əməkdaşlıqla düzəldib təmir etməliyik".

Fərqli siyasi görüşlərin dövlətə bağlılıqda birləşməsi

Demokratik bir cəmiyyətdə ölkə məsələlərinin həllində hər kəsin və hər qrupun fərqli fikirləri ola bilər. Məsələn, kimisi sərbəst bazar iqtisadiyyatını müdafiə edər, başqa birisi qarışıq iqtisadiyyatın faydalı olacağını düşünər. Bənzər şəkildə, xarici siyasətdən tutmuş ölkənin abadlıq məsələlərinə qədər hər mövzuda fərqli görüşlər ola bilər. Dünya görüşü cəhətdən də cəmiyyətin bir qismi daha mühafizəkar, bir qismi daha liberal olar. Amma əhəmiyyətli olan bütün bu fərqli siyasi və mədəni cərəyanların dövlətə bağlılıq mövzusunda ortaq davranış göstərmələridir.
Çünki bütün bu qruplar Türkiyə Cümhuriyyətinin ünsürləridir və ancaq Türkiyə Cümhuriyyəti dövləti güclü olduğu müddətdə müstəqil bir millət olaraq yaşama şansına sahibdirlər. Öz aralarında siyasi mübarizələr apara bilər, fərqli partiyalar qura bilərlər. Amma hamısı dövlətə sadiq, dövlətin və dövlət təşkilatlarının qorunması mövzusunda eyni həssaslıqda olmalıdır.
Əgər bir siyasi qrup bu əsas qanunu tərk edib dövlətə qarşı çıxmağa başlayarsa, onda buna izn verilə bilməz. Necə ki, Türkiyə tarixində belə sınaqlar olmuşdur. Bir qisim qruplar Sovet İttifaqının və ya kommunist Çinin idarəsinə daxil olub Türkiyə Cümhuriyyəti dövlətinə qarşı mübarizəyə cürət etmişlər. "Beşinci qol" olaraq fəaliyyət göstərmiş, Qızıl ordunun Əfqanıstan işğalını alqışlayan Babrak Karmal hökumətinə bənzəmişdilər. Ancaq tarix bunun kimi hərəkatların həmişə zərərlə sona çatdığını göstərir.
Belə "beşinci qol" hərəkatları xüsusi zamanlara aid olan və nadir görünən hərəkatlardır. Dolayısı ilə, əsl əhəmiyyətli olan təhlükə bəzi siyasi hərəkatların dövlətin bəzi idarələrini tənqid etməklə başlayan bir müddətin sonunda "dövlət əleyhdarı" olan siyasi yol tutmalarıdır. Bunun son dərəcə səhv olduğu aydındır. Türkiyə torpaqlarında inkişaf edən hər cür siyasi hərəkat mütləq dövlətinə bağlılığı əsas prinsip olaraq mənimsəməli və bu prinsipə görə fəaliyyət göstərməlidir.

Problemlərin dövlətlə uzlaşaraq həll edilməsi

Dövlət tərəfindən cəmiyyətin ümumi faydası üçün aparılan siyasətlər bəzən cəmiyyətdəki bəzi qrupları narahat edə bilər. Onlar özlərinin dövlətin apardığı siyasət üzündən zərər çəkdiyini düşünə bilərlər. Amma bunun kimi vəziyyətlərdə həll dövlətə qarşı çıxmaq, küçələrə tökülüb dövlətə etiraz etməyə çalışmaq, hətta dövlətin təhlükəsizlik güclərinə qarşı çıxmaq deyildir. Həll problemlərin və tələblərin dövlətə bildirilməsi və dövlətlə birlikdə həll yollarının axtarılmasıdır.
Necə ki, dövlətin bunun kimi tələb və problemləri həll edən mexanizmləri vardır. Dövlətimiz başda kommunist rejimlər olmaqla bəzi təzyiq edən dövlətlərdə olduğu kimi, cəmiyyətin tələblərini dinləməyən bir quruluş deyil. Əksinə, dövlət ədalət sistemi, parlamenti və bürokratik sistemi ilə cəmiyyətin tələblərini qarşılamağa yönələn quruluşdadır. İstəyən hər kəs bir ərizə ilə dövlət idarələrinə müraciət edə bilər və kömək istəyə bilər. İstəyən hər sivil quruluş məclisdəki parlamentarlar vasitəsilə tələblərini TBMM gündəminə gətirə bilər. Hətta hər kəs dövlətdən izn alıb yürüş, nümayiş kimi demokratik fikirlərini ifadə edə bilər.
Qaldı ki, Türk-Osmanlı mədəniyyətində dövlət vətəndaşlarının tələblərinə həmişə əhəmiyyət vermişdir. Osmanlı dövründə padşahlar "ayaq divanı" deyilən qəbul günlərində sadə vətəndaşları qəbul edib dərdlərini dinləmişlər. Cümhuriyyətimiz də eyni gözəl ənənəni davam etdirir və vətəndaşlarının tələblərinə qulaq asır.
Türkiyə Cümhuriyyəti vətəndaşları bu xüsusları nəzərə almalı və hər cür problem və şikayətlərini dövlətə zidd davranmaqla deyil, dövlətin rəsmi instansiyalarına müraciət etməklə və uzlaşma yolu ilə həll etməyə çalışmalıdır. Buna uyğun olmayan hərəkət bunu edən şəxsə bir fayda verməməklə yanaşı, cəmiyyətimizə də yalnız narahatlıq verər.

Dövlətə qarşı üsyankar davrananların sonu

Dövlətə qarşı üsyankar davranışların səhv olduğunu görmək üçün tarixə baxmaq kifayətdir. Tarix bu yolu seçənlərin hamısının sonda zərər çəkdiyini göstərir.
Türkiyənin dövlət ənənəsi Osmanlı İmperiyasına qədər uzanır. Osmanlı İmperiyası bilindiyi kimi, Cəbəllütariqdən Yəmənə qədər uzanan nəhəng bir coğrafiyanı əsrlər boyu ədalət və sabitlik içində idarə edən güclü bir dövlət sistemi qurmuşdur. Bu sistemə qarşı müxtəlif səbəblərlə üsyan edənlər isə həmişə zərər çəkmişdir. İmperiyanın çökmə dövrü sayılmazsa, 17-ci əsrdən etibarən başda Cəlali üsyanları olmaqla hər cür daxili ayaqlanmanın qiyamçılara yalnız müsibət gətirdiyi görünər. Bu üsyanlar çox vaxt Anadoludakı bəzi mənfəətgüdən çevrələr tərəfindən təşviq edilmiş, ancaq heç bir zaman müvəffəqiyyət qazana bilməmişdir.
Türkiyə Cümhuriyyətinin tarixində yenə sonu zərərlə bitən üsyanlar vardır. 1920 və 30-cu illərdə xüsusilə cənub-şərq bölgəsində bir çox üsyan hərəkatı yaşanmış, ancaq hamısı zərərlə bitmişdir. Bu üsyanları reallaşdıranlar təbii olaraq dövlətin sərt tədbirlər almasına səbəb olmuş və beləcə, həm özlərinə və həm də ətraflarına böyük zərərlər vermişlər. Ölkəmiz 1960-cı illərdən etibarən marksist ideologiyaya inanan bəzi sol təşkilatların üsyan cəhdlərinə səhnə olmuşdur. İnqilab xəyallarına düşən bəzi gənclər əllərinə silah alıb dağa çıxmış və özlərinə görə dövlətin rejimini dəyişdirəcəklərini sanmışlar. Dövlətimiz, əlbəttə, bunun kimi anarxiya cəhdlərinə güzəştə getməmiş və həmin hərəkatları təşkilatlandıranlar cəzalandırılmışlar.
Türkiyə Cümhuriyyəti dövlətinə yönəlmiş heç bir üsyan və terror hərəkatının əsla müvəffəqiyyət əldə edə bilməyəcəyini və dövlətimizin belə cəhdləri qəti şəkildə aradan qaldıracağını göstərən ən əhəmiyyətli nümunə isə bölücü terror təşkilatı PKK-nın məğlubiyyətidir. Bilindiyi kimi, PKK 1984-cü ildən etibarən Türkiyənin cənub-şərqində ayrı bir dövlət qurmaq xəyalına əsaslanan bir terror kampaniyası başlatmışdır. Minlərlə polis və əsgərimizi şəhid etmiş, on minlərlə vətəndaşımızın ölümünə səbəb olmuşdur. PKK bütün bu terror hərəkatları üçün çox ciddi xarici dəstək də görmüş, bəzi ölkələr bu təşkilata pul, silah və hər cür texniki imkan təmin etmişdir. Ancaq bütün bu səylər yenə də nəticə verməmiş, başda Türkiyə Silahlı Qüvvələri olmaqla dövlətimizin əlaqədar təşkilatları terror təşkilatını çökdürmüşdür. PKK-nın lider heyətinin də ələ keçirilməsinin ardından təşkilatın əsgəri gücü böyük ölçüdə yox olmuşdur.
Bütün bunlar dövlətə qarşı üsyankar davranan hər kəsə dərs olmalıdır. Türkiyə Cümhuriyyəti dövləti güclü bir dövlətdir və dövləti hədəf alan heç bir hərəkat müvəffəqiyyət qazana bilməz. Bölücü ideologiyalar tərəfindən beyni yuyulan və dövləti yıxmaq, parçalamaq və ya ələ keçirmək kimi xam xəyallara düşənlər bu açıq həqiqət üzərində düşünməli və girdikləri yolun sonunun olmadığını görməlidirlər. Əks halda bu yol dövlətimizə heç bir zərər verə bilməz, ancaq özlərini həlaka sürüyər.

Dövlətə bağlılıq və əxlaq

Dövlətə bağlılıq və əxlaq

Bu nöqtəyə qədər dövlətə bağlılığın əhəmiyyətini fərqli ölçülərlə bildirdik. Vətəndaşlarımızın dövlətimizə daimi hörmət etmələrinin lazım olduğunu, ancaq bu şəkildə sülh, hüzur və rifah təmin edilə biləcəyini açıqladıq. Ancaq bütün bu məntiqi səbəblərdən başqa dövlətə bağlılığı təmin edən əsl amil cəmiyyətdə görünən əxlaq anlayışıdır.
Əgər bir cəmiyyətdə mənfəətpərəstlik yayılarsa, üsyan və qarşıdurma məqbul olaraq görülərsə və hörmət və fədakarlıq kimi anlayışlar tərk edilərsə, bu vəziyyətdə o cəmiyyətin fərdlərinin dövlətə bağlı olmaları da düşünülə bilməz. Çünki dövlətə bağlılığın təməlində müəyyən tərbiyə və əxlaq durur. Bu tərbiyə və əxlaq olmazsa və yuxarıda ifadə etdiyimiz pis əxlaq xüsusiyyətləri bir cəmiyyətdə məşhurlaşarsa, dövlətə bağlılıq anlayışı da özlüyündən ortadan qalxmağa başlayar.
Haqqında danışdığımız tərbiyə və əxlaqın təməlində isə dini inanclar durur. Necə ki, Cümhuriyyətimizi quran böyük öndər Atatürk: "Dinsiz millətlərin davamına imkan yoxdur", -deməklə bu həqiqəti açıq şəkildə elan etmişdir.

Dinin insanlara qazandırdığı itaət xüsusiyyəti

Bilindiyi kimi, bir cəmiyyətdə hüzur və sakitlik o cəmiyyətdəki insanların dövlətə və onun bütün idarələrinə göstərdikləri itaət, hörmət və etibarla təmin edilə bilər. Quranda isə itaət məqbul sayılan əxlaq xüsusiyyəti olaraq təşviq edilir. Allah müsəlmanlara bir çox ayəsi ilə itaəti əmr edir. Dolayısilə, Quran əxlaqına görə yaşayan insanların meydana gətirdiyi bir cəmiyyət eyni zamanda dövlətə itaət və hörmətin ən yüksək dərəcədə yaşandığı bir mühit olar.
Din eyni zamanda insanları hər cür anarxiya və terror hərəkatından də uzaq tutar. Çünki Allah Quranda insanları fitnə-fəsaddan uzaq durmağa çağırmışdır. Bu mövzu ilə əlaqədar bir çox ayə vardır:
…Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!   (Bəqərə surəsi, 60)
(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!  (Bəqərə surəsi, 205)
Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin... (Əraf surəsi, 56)
…Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu, sizin üçün xeyirlidir! (Əraf surəsi, 85)
Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et.Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz! (Qəsəs surəsi, 77)
Din əxlaqını lazımi kimi qavrayan və yaşayan bir insan Allahın yuxarıdakı ayələrindəki əmrinə uyğun olaraq yer üzündə qarışıqlıq çıxarmaqdan, sıxıntı və qarışıqlıq dolu mühitlər yaratmaqdan şiddətlə qaçar. Quran əxlaqına uyğun hüzur və sükunət dolu, etidallı, həmişə problemləri həll etməyə çalışan, hadisələri böyütməyən, əksinə, həmişə uzlaşdırıcı mövqe göstərər.
Dövrümüzdə dinin bəzi çevrələr tərəfindən səhv başa düşüldüyü və tətbiq olunduğu doğrudur. Halbuki yuxarıdakı Quran ayələrində izah edilən həqiqi dindar modeli cəmiyyətdə yayılarsa, ictimai həyat da son dərəcə sülh və əminliklə dolu olar. İnsanlar dövlətə duyduqları güvən və hörməti ona itaət etməklə göstərərlər. Polisə və digər təhlükəsizlik güclərinə qızğın, tərs davranan, çətinlik yaradan insanlar olmaz. Əksinə, İslam əxlaqını yaşayan insanlar son dərəcə yardımsevər və mərhəmətli mövqeləri ilə təhlükəsizlik qüvvələrinin yanında yer alar, onların işlərini asanlaşdıracaq şəkildə hərəkət edərlər. Bu əxlaqdakı insanların varlığı sayəsində cəmiyyətdən anarxiya, terror, qarışıqlıq və düşmənlik aradan qaldırılar. İnsanlar arasındakı qarşıdurma və mübahisələr tamamilə qalxar. İnsanlar küçələrə rahat çıxa bilər, gecə-gündüz güvən içində hər yerdə gəzə bilər.

Din əxlaqı ictimai həyatı necə dəyişdirir?

Dinin varlığı Allah sevgisini özü ilə gətirdiyi üçün, bu, bütün insanlara çox müsbət və gözəl təsir edər. Hər kəs Allahın razılığını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah rizası üçün sevər. Bütün cəmiyyətə şəfqət, mərhəmət və gözəllik hakim olar. İnsanlar Allahın əmri istiqamətində xeyirlərdə yarışarlar. Digər tərəfdən Allah qorxusu sayəsində hər kəs əxlaqsızlıqlardan və pisliklərdən qaçar. Əsrlərlə önü alına bilinməyən hər cür mənfi hallar bir anda bitər. Dinin sevgi və sülhsevər ruhu hər yerə hakim olar. Əlbəttə, burada nəzərdə tutulan Qurandakı həqiqi dindir və bu dinin səmimi olaraq yaşanmasıdır.
Bir cəmiyyətin varlığında ailənin rolu çox böyükdür. Dinin tam mənası ilə yaşandığı bir mühitdə daha əvvəlki mövzularda ifadə edildiyi kimi, ailə əlaqələri çox gözəlləşər, həqiqi sevgi və hörmət yaşanar. Ailə olmazsa, dövlət və millətin də mənası qalmaz. Bunlar bir-birləri ilə çox əlaqəli anlayışlardır. Ailə dağıldıqda millət anlayışı da yox olar, dövlət də zərər görər. Bu vəziyyət domino daşları nümunəsində olduğu kimi, belə davam edər.
Necə ki, dinin yaşanmadığı cəmiyyətlərdə insanların üsyankar davrandıqları, anarxist hərəkatlara qoşulduqları, dövlətə qarşı cəbhə aldıqları məlum olan bir həqiqətdir. Xüsusilə də milli və mənəvi dəyərlərin qorunmasının lazım olduğu vəziyyətlərdə Allah qorxusu olmayan insanların vecsiz davranacaqları qətidir. Milli və mənəvi mənfəətlərlə öz mənfəətləri arasında müqayisə lazım gəldiyində dindən uzaq insanların asanlıqla nəfslərini seçəcəkləri aydındır. Bu, yeri gəldiyində vətənə və millətə xidmət etməkdən, onun uğrunda mübarizə aparmaqdan qaçmağa, hətta bölücü fəaliyyətlərdə olmağa qədər geniş ölçüdə düşünülə bilər.
Halbuki dini yaşayan insanlar üçün dövlət və millət anlayışları çox böyük dəyərə malikdir. Lazım olduğunda dövlət üçün canını təhlükəyə atar, dövlətinin və millətinin mənfəətlərini şəxsi mənfəətlərindən üstün bilərlər. Milli və mənəvi dəyərlərini canla-başla qoruyarlar.
Din əxlaqının yaşandığı bir mühitdə tələbələr də dövlətə, millətə qarşı hörmət və sevgi göstərərlər. Bu müqəddəs quruluşlara qarşı mübarizə aparmaz, əksinə, dəstək verib, kömək edərlər. İndiki dövrdə olduğu kimi, əsgər və polislərə hücum etməzlər; dövləti qoruyan, müdafiə edən bu vəzifəlilərə qarşı son dərəcə hörmət göstərərlər. Cəmiyyət daxilində dövlətə, orduya və polisə qarşı tam bir güvən və sahib çıxma duyğusu inkişaf edər. Tələbə hadisələri, qardaş davaları, sağ-sol qarşıdurmaları kimi problemlər ortadan qalxar. Çünki heç kimin razılaşmadığı və çəkişdirib-döyüşdüyü bir xüsus qalmaz. Hər kəs Allahın kitabına iman edər, onda bildirilən gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə də heç kimin sözü çəp gəlməz. Problemlərin həllində hər kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər, hörmətlə yanaşar. Beləcə, hər problem qısa müddətdə gözəlliklə həll olar.
Dövlət belə bir mühitdə çox rahat idarə olunar. Ölkə daha etibarlı və rifahlı hala gələr. İdarəçilər də insanlara qarşı çox ədalətli, mərhəmətli olarlar, hər cür ədalətsizlik ortadan qalxar. Dolayısilə, özləri də çox hörmət görərlər. Belə dövlətlər də çox güclü və sarsılmaz bir təmələ sahib olarlar.
Din əxlaqı yaşanmadığında isə ata oğula, oğul ataya düşmən olar, qardaş qardaşa qarşı çıxar, işçi müdirə, işə götürən işçiyə düşmən olar. Anarxiya üzündən fabriklər, iş yerləri işləməz, ziyan görər. Sosial anarxiya başlayar, kasıb təbəqələr zənginlərə hücum edər, zənginlər kasıbları əllərindən gəldiyi qədər istismar etməyə çalışar. Müxtəlif peşə qrupları digərlərinə hücum edər. İctimai qarışıqlıqlar, anlaşılmazlıqlar, anarxiya bitməz.
Bütün bunların səbəbi insanların Allah qorxularının olmamağıdır. Allah qorxusu olmayan insanlar rahat şəkildə haqsızlıq və ədalətsizlik edər, cinayət işləyər, bənzəri görünməmiş zülm və qəddarlıqlardan çəkinməzlər. Üstəlik, vicdan əzabı çəkmədən etdikləri vəhşilikdən peşman olmadıqlarını söyləyərlər. Halbuki Allaha qarşı məsuliyyət hissi olan bir adam bu hərəkətlərə əsla yol verməz.
Din əxlaqı yaşandığında bu saydığımız mənfi halların heç biri qalmaz. Hər şey sakitliklə, gözəlliklə, ədalətlə həll edilər. Qanuna zidd hadisələr olmaz, polis bölmələri, ədliyyə orqanları demək olar işləməzlər.

Nəticə

Bütün bunlar dinin insanlara qazandırdığı əxlaq xüsusiyyətlərinin dövlətin davamlılığı və cəmiyyətin hüzuru baxımından son dərəcə lazımlı olduğunu göstərir. Dinsiz bir insan modelinin meydana gətirdiyi cəmiyyət quruluşu eqoizm və qarşıdurma üzərinə qurulduğu üçün, istər-istəməz dövlətə dəstək olan dəyərləri də korlayar. Dinsizlik üsyanı, qarşıdurmanı, anarxiyanı, nifrəti, etibarsızlığı gətirdiyi halda din insanlara itaəti, sülhü, nizamı, sevgini və etibarı qazandırar. Allah bir ayəsində insanlara: "Ey iman gətirənlər, hamınız bir yerdə sülhə gəlin!" - deyə buyurur  (Bəqərə surəsi, 208). Bu ayədə dəvət edildiyi şəkildə sülh və təhlükəsizliyə girən insanlar dövlətin davamlılığının ən böyük dayağı olarlar.